Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarışda 80 idmançı gücünü sınayıb
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində daxili işlər orqanlarının əməkdaşları arasında Azərbaycan polisinin 100 illiyinə həsr olunan silahsız özünümüdafiə üzrə yarış keçirilib. Yarışda 10 komandanı təmsil edən 80 idmançı gücünü sınayıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Nazirliyin İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftahətdinova açılış mərasimində çıxış edərək Cümhuriyyətin yaşıdı olan Azərbaycan polisinin böyük inkişaf yolu keçdiyini, dövlətçiliyimizin möhkəmlənməsi uğrunda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, ictimai asayişi və sabitliyi qorumaq naminə qarşıya çıxan çətinliklərə inamla sinə gərdiyini və cinayətkarlıqla qətiyyətlə mübarizə apardığını diqqətə çatdırıb. O bildirib ki, bu gün polisimiz həm də bir vətəndaş kimi, həyatın bütün sahələrində ölkəmizin inkişafına töhfə verir, dünyanın ən böyük idman arenalarından vətənimizə qələbələrlə qayıdırlar. Qazanılan bütün uğurların əsasında ölkə və DİN rəhbərliyinin ali diqqət və qayğısı dayanır.

Sonra yarışa start verilib. Polislər silahsız özünümüdafiə bacarıqlarını, yüksək fiziki hazırlıqlarını nümayiş etdiriblər.

Yarış başa çatdıqdan sonra hakimlər qrupu tərəfindən qiymətləndirmə olub. Nəticələrə görə Əlahiddə Çevik Polis Alayının komandası birinci, DİN Daxili Qoşunlar Baş İdarəsinin hərbi qulluqçuları ikinci, Polis Akademiyasının komandası isə üçüncü yerə layiq görülüb.

Turniri polis polkovnik-leytenantı Munir Orucov, polis mayoru Zaur Məcidov, polis serjantı Hikmət Hacıyev və Rəsul Məmmədov idarə ediblər. Baş hakim isə polis polkovnik-leytenantı Mülayim Xıdırov olub.

Silahsız özünümüdafiə üzrə yarışın keçirilməsinin məqsədi fərqlənən idmançılardan beynəlxalq turnirlərə qatılacaq komandamızın heyətini formalaşdırmaqdır.

Xəbər 552 dəfə oxundu.