Bakıda idman fizioterapevtləri üçün beynəlxalq seminar keçirilir
Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya həmrəyliyi” proqramı, Beynəlxalq Atletika Federasiyasının, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə Bakıda idman fizioterapevtləri üçün beynəlxalq seminar keçirilir.

MOK-dan bildiriblər ki, seminar Beynəlxalq Atletika Federasiyasının təyin etdiyi almaniyalı mühazirəçi və fizioterapevt Timo Lindeman tərəfindən aparılır. Seminarda yerli fizioterapevt və idman həkimləri ilə yanaşı, Türkiyə, Belarus, Ukrayna, Estoniya və Latviyanın nümayəndələri də iştirak edirlər.

Tədbir çərçivəsində mühazirələr MOK-un inzibati binasında, praktiki hissə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının laboratoriyasında keçirilir.

Seminarın sonunda iştirakçılar imtahan verəcəklər. İmtahanı uğurla keçəcək namizədlərə Beynəlxalq Atletika Federasiyasının sertifikatları təqdim olunacaq.

Xəbər 1680 dəfə oxundu.