Çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinə start verilib
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində iyunun 5-də çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinə start verilib.

Turnirdə “Sərhədçi”, “Polad”, “Köhlən”, “Murad”, “Buta Qolden” və “Omar” kollektivləri ilə yanaşı, Ağcabədini və Ağstafanı təmsil edən komandalar da mübarizə aparırlar. Turnirin ilk görüşündə “Köhlən” və “Omar” komandaları qarşılaşırlar.

Yarışın proqramına əsasən, iyunun 5-də və 6-da təsnifat mərhələlərinin görüşləri keçiriləcək. İyunun 7-də yarımfinal oyunları təşkil olunacaq. İyunun 9-da isə üçüncü yer uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 50 min manatdır.

İyunun 2-də start götürən Milli Atçılıq Festivalına bu ayın 17-də yekun vurulacaq. Festivalın birinci günündə Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 İllik Yubiley Kuboku” turniri keçirilib.

Festival çərçivəsində iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil olunacaq. “Elite Horse & Polo Club”un yaşıl arenasında keçiriləcək və iki kateqoriyadan ibarət olacaq turnirin ümumi mükafat fondu 34 min manatdır.

İyunun 15-17-də isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq altıncı dəfə ölkəmizdə arena polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Üç gün davam edəcək turnirdə ümumilikdə altı oyun olacaq. Azərbaycanı bu mötəbər yarışda milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club”u təmsil edəcək.

Xəbər 995 dəfə oxundu.