İstefalarla mövsümə vida
Ümidlərin göyərib solduğu yer

Milli klub futbol mövsümünün əsas yarışı finiş ərəfəsində gözlənilən, lakin bütün mövsümün gedişinə görə gözlənilməz akkordlarla tamamlandı. Hələ bunlardan da qəribəsi mövsüm başa çatandan sonra məşqçilərin istefası ilə baş verdi.

Gözlənilən sonluq yüksəlişdə olan "Neftçi"nin qazandığı fürsəti qaçırmayaraq, son 5 ildə ilk dəfə mükafatçılar sırasında yer almasıdır. Bu həm də gözlənilməyən sonluqdur. Çünki yüksəlişdə olan digər kollektiv "Sumqayıt" mövsümün sonunda alışmadığı finiş rəqabətində büdrəyərək, mükafatçılar sırasında yer ala bilmədi. Nəticədə, Sumqayıt futbolu milli çempionatlar tarixinin lap əvvəlində ümidverici inkişaf səviyyəsinə çatmaq şansını da əldən verdi.

Ölkə kubokunun finalı isə mövsümün ikinci yarısını bərbad vəziyyətdə keçirən "Zirə"ni də bir daha Avropa səhnəsinə çıxmaqdan məhrum etdi.

Bütün bunlar, mövsüm başa çatan kimi, məşqçilərin "yarpaq tökümü"nün kölgəsində qaldı. "Qəbələ"də gözlənilən dəyişiklik baş verdi: Roman Qriqorçuk istefasını elan etdi və yerinə Sənan Qurbanov keçdi; "Sumqayıt"da sükançı formalaşdırmağa başladığı kollektivdən ayrıldı: niyyəti məlum Samir Abasov komanda ilə vidalaşdı; "Səbail" yeni simasına qovuşmağa başladığı vaxt baş məşqçisini itirdi: Samir Əliyevi Aftandil Hacıyev əvəzlədi. Lakin ən qəribəsi "Neftçi"də baş verdi. Hələ rəhbərliyi dəyişərkən komandadan ayrılacağı gündən-günə qəribə formada qətiləşən Tərlan Əhmədov yola salındı. Əvəzində, müsbət məqam bu idi ki, "Zirə"nin qış fasiləsindən sonra ayaq açıb yeriyən uğursuzluğuna rəğmən rəhbərliyin Ayxan Abbasovla yolunu davam etdirmək qərarı idi.

Bütün bunlar Azərbaycan klub futbolunda bir sıra islahatların aparılmasının zərurəti bir daha əyani nümayiş etdirildi. Bu qərarların əksərinin məntiqi izahı bir qədər çətin olsa da, hələ də formalaşmamış klub sistemi anlayışında da çatışmazlıqların nə üçün kök salmağa başladığı açıq görünür.

Hələ bunlar az imiş kimi, "Qəbələ"nin tam fərqli kursa doğru üz tutması ehtiyatlanmağa vadar edir. Çünki yeni yol bundan əvvəl dağılmış klubların düşdüyü vəziyyəti xatırlatmağa başlayıb. Əslində, yeniləşmə qərarı bir qədər gecikmiş verildiyindən təhlükəlidir və onun müsbət məqamları da ola bilər. Bunun üçün klubda infrastrukturun yenilənməsinə zərurət var. Dəyişiklikləri təsirsiz ötüşdürmək üçün daha fərqli yanaşma tətbiq etmək mümkün idi. Vəziyyətin bu həddə çatacağını son illərdə hesabat xarakterli "Turdan-tura" rubrikamızı izləyənlər əyani müşahidə ediblər. Elə "Neftçi"nin də aqibəti, "Qarabağ"ın qəfil oyunçu islahatları bu qəbildəndir və dəfələrlə bu addımların mərhələli şəkildə, inqilabi, yaxud aydın səmada ildırım və şimşək effekti olmadan aparılmalı olduğunu xüsusi vurğulayırdıq. Axı bu cür dəyişikliklərin hər biri komandaları ağır formalaşma dövrünə salır. Bundan təsərrüfatı natamam, sistemi yarımçıq olan klub futbolumuz daim nəsə itirir. Hər yenidən formalaşma dövrü əksər hallarda eniş-yoxuşlu bir dövrün başlanğıcı olur.
Bu sırada yalnız kütləvi dəyişikliklərə əl atmış "Zirə" ilə "Səbail"i anlamaq olur. Çünki "Zirə" islahatlar apardığı ötən mövsümdə öz oyununu tapa bilmədi. "Səbail" isə elitadakı ilk mövsümündə əsas vəzifəni yerinə yetirdiyindən daha da güclənmək üçün əməli addımlar atmalıdır. Bunun da bir yolu məhz oyunçu siyasətini dəyişməkdir.
Mövsümün nəticələrini əvvəlki icmalımızda xüsusi vurğulamağa çalışdığımızdan bundan sonra əsas diqqəti hələ formatı da naməlum yeni mövsümə, klubların hazırlıq prosesinə, ələlxüsus Avropa səhnəsinə çıxacaq kollektivlərə yönəldək. Çünki bütün sözlər mövsüm boyu deyilib və onları bir daha təkrarlamağın mənası yoxdur. Əsas odur ki, artıq klub futbolunda yeni formasiyaya keçid xarakterli daha bir mövsümün keçirilməsinə nail olunmalıdır. Bunun üçün AFFA indidən klub futbolu ilə bağlı strateji hədəflərini, planlarını və onların ardıcıllığını açıqlamalıdır.

BATI YAR

Xəbər 1558 dəfə oxundu.