Kubok tarixinə 8-ci ad yazıldı
“Keşlə" 5-ci cəhddə ilk kubokunu qazandı

Milli klub futbolu mövsümünə ölkə kubokunun final matçı ilə yekun vuruldu. Qəbələdə keçirilən dramatik final hər iki klub üçün bir neçə aspektdən vacib idi.

"Qəbələ" nə qədər iddialı olsa da, bir titul belə qazana bilmir. Komanda çempionat ikincilikləri və üçüncülüklərini kubokun finallarındakı məğlubiyyətlərlə tamamlayır. Kollektiv dalbadal üçüncü və ümumən 4-cü finalına, nəhayət, böyük ümidlə yaxınlaşmışdı. Çünki final rəqibi "Keşlə" adını da yenilədikdən sonra hələ indi-indi özünü toparlamağa başlayıb və ilk baxışda, sadəcə, finala çıxmaqla gələn mövsümdə daha da güclənmək üçün stimul əldə etmişdi. Amma sən saydığını say. "Keşlə 5-ci dəfə çıxdığı final oyununu bu dəfə qələbə ilə yekunlaşdırdı. Yeni adı ilə ilk titulunu qazanan kollektiv zəfər kolleksiyasına üçüncü fərqli mükafatı daxil edir. Buna qədər o, çempion olmuş, həm də artıq tarixin yaddaşına köçmüş "Birlik kuboku"nu qazanmışdı.
Matçın gərgin keçəcəyi gözlənilən idi. Üstəlik, qəribə məşqçi taktikası ilə "Qəbələ"nin vəziyyəti daha da ağırlaşdırıldığı aydın görünürdü. Hərçənd ustalıq baxımından de-yure qonaq, de-fakto ev sahibinin paytaxtlı rəqibindən üstünlüyü adi ötürmələrdə belə sezilirdi.

"Qəbələ"nin nəyinin çatışmadığını hələ də anlamaq olmur. "Keşlə" isə “dişli” oyununu yalnız istəyi ilə əldə etmişdi. Komanda uduzmaq fikrində olmadığını hər addımda nümayiş etdirir və buna da can atırdı. Təsəvvür edin ki, hədəfi nişanlamış ilk zərbəni "Qəbələ" yalnız 23-cü dəqiqədə yerinə yetirə bildi.

Bəzən epizodik olaraq "Keşlə"dən üstün statistikaya nail olsa da, ümumi axarda o da aydın görünürdü ki, oyun ya bir qolun təsadüfi, ya da penaltilər seriyasının hökmü ilə həllini tapacaq. Nəhayət, bir səhv Pərdisə əlinə düşən ən gözəl fürsəti - Vaqif Cavadovun bir toxunuşla ötürməsindən sonra topu qapıçı üzərindən aşıraraq Vernidubla mübarizədə tora itələdi - 1:0.

Bundan sonra qonaq qismində çıxış edən ev sahibləri təzyiqi artırmağa çalışsalar da, əks hücumda Vaqif Cavadovun əldə etdiyi iki gözəl fürsəti sadəlövhcəsinə fövtə verməsi ilə nəticələndi. Hər halda yekunda daha inadlı olan qalib gəldi. əvvəldən də bilindiyi kimi ölkə kubokunun tarixinə 8-ci klubun adı yazıldı. Buna qədər ən titullular "Neftçi" və "Qarabağ"la (hərəyə 6 titul) yanaşı, Bakı "İnşaatçı"sı, "Kəpəz", "Xəzər Lənkəran", "Bakı", "Şəfa" da bu turnirin baş mükafatına sahib çıxıblar. "Keşlə" Avropaya ayaq açaraq, bu hüququ çempionat ikinciliyi ilə qazanmış "Qəbələ"yə aır zərbə vurdu. Bununla Premyer liqanı 4-cü pillədə başa vurmuş "Zirə"nin Avropaya çıxmaq şansının üzərindən xətt çəkildi.

Nəhayət, bu məğlubiyyətdən sonra "Qəbələ"nin sükançısı Roman Qriqorçuk çoxdan gözlənilən istefasını elan etdi. Məşqçinin peşəkarlığına heç bir şübhə yaratmadan, onun "Qəbələ" dastanının uğursuzluğunu etiraf etmək lazımdır. Ötən illər ərzində komandanın Avropa Liqasının qrup mərhələsinə çıxması istisna olmaqla, heç bir nailiyyətdən, sistemli oyundan, yetişdirilən kadrlardan söhbət gedə bilməz. Əksinə, Avropa ilə yerli arena üçün fərqli kadr, oyun siyasəti yürüdən komanda bununla da haçalandı və yekunda hər dəfə titulsuz mövsüm keçirdi. Ümid edək ki, tam yeni kurs seçmiş kollektivdə yeni tipli ənənələr məktəbinin də təməli qoyulacaq.

BATI YAR

Xəbər 1043 dəfə oxundu.