Bakıda keçiriləcək BMX üzrə dünya çempionatında Azərbaycanı 8 velosipedçi təmsil edəcək
İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək. Veloparkda keçiriləcək mötəbər yarışda planetin 43 ölkəsinin 1500-dən artıq idmançısı mübarizə aparacaq.

Proqrama əsasən, iyunun 5-də çempionatın rəsmi açılış mərasimi başlayacaq. Daha sonra “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start veriləcək.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər.

Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Çempionata iyunun 9-da yekun vurulacaq.


Xəbər 1139 dəfə oxundu.