Azərbaycan gimnastı ikinci Avropa Oyunlarına vəsiqə qazanıb
İspaniyanın Quadalaxara şəhərində yekunlaşan bədii gimnastika üzrə 34-cü Avropa çempionatı Azərbaycan milli komandası üçün uğurlu olub.

Qitə birinciliyində fərdi proqramda gənc gimnastlar arasında gedən mübarizədə ümumilikdə 4 alət üzrə finala vəsiqə qazanan təmsilçilərimizdən ən şanslısı olan Arzu Cəlilova topla çıxışı ilə komandamızın hesabına ilk bürünc medalı yazdırıb. Yarışda 17.100 xalla yalnız Rusiya və Ukrayna gimnastlarından geri qalan Arzu öz karyerasının da ən uğurlu nailiyyətinə imza atıb.

Həm halqa, həm də gürzlərlə finalda hakimlər qarşısına çıxan digər gimnastımız Nərminə Səmədova isə müvafiq olaraq 5-ci və 8-ci yerlərdə qərarlaşıb. Lent ilə final mərhələsinə adlayan Yelizaveta Luzan isə yekun nəticədə 6-cı olub.

Böyüklər arasında fərdi yarışlarda isə ölkəmizi Zöhrə Ağamirova və Veronika Hudis təmsil ediblər. Hər 4 alət üzrə ümumi nəticəyə əsasən, Veronika 61.250 xalla 22-ci yerdə qərarlaşıb. 63.200 xal toplayaraq 18-ci olan Zöhrə isə 2019-cu ildə Minskdə təşkil olunacaq ikinci Avropa Oyunlarına vəsiqəni təmin edib.

Komandamızın növbəti bürünc medalı isə 3 top və 2 iplə icra etdikləri kompozisiyaları ilə xalçanı bəzəyən qrup hərəkətləri komandasından gəlib. Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman və Ayşən Bayramovadan ibarət möhtəşəm beşlik füsunkar çıxışları ilə 20.350 xalla fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.


Xəbər 1007 dəfə oxundu.