Peyntbol üzrə muxtar respublika turniri başa çatıb
Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində peyntbol üzrə ali və orta ixtisas müəssisələrinin tələbələri arasında keçirilən muxtar respublika turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda turnirdə hər birinin tərkibində 6 idmançı olmaqla, 7 komanda mübarizə aparıb.

Olimpiya sistemi üzrə təşkil edilən turnirin final görüşündə Naxçıvan Dövlət Universiteti (NDU) və Naxçıvan Tibb Kollecinin komandaları üz-üzə gəliblər. Atıcılıqda daha sərrast olduqlarını nümayiş etdirən NDU-nun tələbələri turnirin qalibi adını qazanıblar. Heydər Əliyev adına Hərbi Liseyin komandası isə üçüncü olub.

Qalib komandaya “Heydər Əliyev kuboku” təqdim olunub. Digər iki pillənin sahibləri isə diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 983 dəfə oxundu.