Azərbaycan avarçəkənləri “Böyük Moskva reqatası” turnirində çıxış edəcəklər
Azərbaycan da daxil olmaqla səkkiz ölkədən 750-yə yaxın idmançı avarçəkmə üzrə “Böyük Moskva reqatası” yarışlarında iştirak etmək üçün müraciət ediblər.

Yarışların baş hakimi Pavel Melnikov mətbuat konfransında deyib: “Builki reqatada səkkiz ölkə iştirak edəcək. Hələlik 750-yə yaxın idmançı bu tədbirdə iştirak etmək arzusunu bildirib. Bütün müraciətlər operativ şəkildə işlənilir. Ümidvaram ki, mübarizə gərgin olacaq, yarışların qalibi isə ədalətli və güzəştsiz şəkildə müəyyən olunacaq”.

Rusiya Avarçəkmə İdmanı Federasiyasının prezidenti Aleksey Svirinin sözlərinə görə, təşkilatçılar bu reqatanın əvvəlki statusunu qaytarmaq üçün hər cür səy göstərəcəklər. O deyib: “Bu yarışlar beynəlxalq federasiyanın təqviminə daxildir. Ənənələrə hörmət əlaməti olaraq heç bir idmançı böyük Moskva reqatasına laqeyd qalmayıb. Hazırda bu turnir öz statusunu bir qədər itirib, lakin Rusiya və dünya miqyaslı reqatanın sovet dövründə qazandığı səviyyəyə yenidən çıxması üçün hər cür səy göstərəcəyik”.

Xatırladaq ki, “Böyük Moskva reqatası” iyunun 1-dən 3-dək Moskvadakı “Krılatskoye” avarçəkmə kanalında keçiriləcək. Bu il reqatada Rusiya, Azərbaycan, Belarus, Latviya, Litva, Moldova, Estoniya və Ermənistan komandaları iştirak edəcəklər.

Xəbər 1680 dəfə oxundu.