Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə milli atçılıq festivalı keçiriləcək
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər davam edir. Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) da yubiley münasibətilə milli atçılıq festivalına start verəcək. İyunun 2-17-ni əhatə edəcək festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnirlər keçiriləcək.

ARAF-dan bildiriblər ki, əvvəlcə iyunun 2-də Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 illik yubiley kuboku” keçiriləcək. Kubok uğrunda yarışda 24 at və jokeyin iştirakı gözlənilir. Tədbiri izləyəcək qonaqlar ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə parad izləmək imkanını da əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 min manatdır.

İyunun 5-də, 6-da, 7-də və 9-da isə Çövkən Milli Atüstü Oyunu üzrə “100 illik yubiley kuboku” turniri keçiriləcək. Turnirdə ümumilikdə səkkiz komanda iştirak edəcək. İyunun 5-də və 6-da keçiriləcək təsnifat mərhələlərindən sonra iyunun 7-də yarımfinal oyunları təşkil olunacaq. İyunun 9-da isə üçüncü yer uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 50 min manat təşkil edəcək.

Ondan sonra iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri keçiriləcək. “Elite Horse & Polo Club”un yaşıl arenasında keçiriləcək turnir iki kateqoriyadan ibarət olacaq. Yarışların ümumi mükafat fondu 34 min manatdır.

İyunun 15-17-də isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq altıncı dəfə ölkəmizdə Arena Polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Üç gün davam edəcək turnirdə ümumilikdə altı oyun olacaq. Azərbaycanı təmsil edən milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club” komandasının bu turnirə qatılması yarışları azarkeşlərimiz üçün xüsusilə maraqlı edəcək.

Silsilə tədbirlərlə əlaqədar mayın 31-də saat 12:00-da “Elite Horse & Polo Club”da mətbuat konfransı və ziyafət təşkil olunacaq. Konfransda Milli Atçılıq Festivalı ilə bağlı bütün məlumatlar ictimaiyyətə ətraflı çatdırılacaq.

Xəbər 1351 dəfə oxundu.