Yeniyetmə həndbolçularımız “Challenge Trophy” turnirində Bosniya və Herseqovina kollektivi ilə qarşılaşacaq
Mayın 29-da Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızlar arasında “Challenge Trophy” yarışına start verilib.

Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, bu gün komandamız ilk oyunda meydan sahibləri ilə üz-üzə gələcək.

“KSPC Mejdan”da keçirilən matçın baş hakimləri ruminiyalı Georgiana Lunqu və Mihaela Parasçiv olacaqlar. Avropa Həndbol Federasiyasını isə bolqarıstanlı Rositza Dimkova və avstriyalı Helmut Ville təmsil edəcəklər.

Qeyd edək ki, Avropa ölkələri arasında keçirilən çempionatda 8 ölkənin həndbolçuları iki qrupda yarışırlar. “B” qrupunda yer alan Azərbaycan təmsilçiləri Böyük Britaniya, Bosniya və Herseqovina, Lüksemburq milli komandaları ilə qarşılaşacaqlar. Estoniya, Moldova, Belçika və Kipr yığmaları isə “A” qrupunda mübarizə aparırlar.

Turnir iyunun 3-dək davam edəcək.

Xəbər 893 dəfə oxundu.