Şəmkirdə yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Şəmkir rayon gənclər və idman idarəsi tərəfindən silsilə tədbirlər çərçivəsində yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilib.

İdarədən bildiriblər ki, rayondakı Olimpiya İdman Kompleksində keçirilən yarışın açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin məsul əməkdaşı Davud Süleymanov Xalq Cümhuriyyətinin xalqımızın tarixində şanlı səhifələrdən olduğunu qeyd edib. Bildirib ki, müasir müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyev Cümhuriyyətin banilərinin xatirəsinə daim yüksək ehtiramla yanaşıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Cümhuriyyətin fəaliyyətinə yüksək ehtiramın göstəricisidir.

Sonra yarışın qaydaları barədə məlumat verilib.

Birincilikdə Şəmkirlə yanaşı, Qazax, Ağstafa, Goranboy, Samux və Gəncəni təmsil edən komandaların heyətində ümumilikdə 110 idmançı mübarizə aparıb. Sonda Şəmkir rayonunun komandası birinci yerə layiq görülüb.

Qalib gələn idmançılar Şəmkir rayon gənclər və idman idarəsi tərəfindən diplom, medal və kubokla təltif olunub.

Xəbər 550 dəfə oxundu.