Azərbaycan Norveçdə keçirilən şahmat superturnirində təmsil olunur
Norveçin Stavanger şəhərində keçirilən “Altibox Norway Chess 2018” şahmat superturnirinin iştirakçıları blits növdə oynayıblar. Yekuna əsasən turnir cədvəlində iştirakçıların start nömrələri müəyyən edilib.

Azərbaycanı superturnirdə Şəhriyar Məmmədyarov təmsil edir. Birinci turda 9 mümkün xaldan 6 xal toplayan Uesli So hamıdan irəlidədir. Onun həmyerlisi Hikaru Nakamura və Vişvanatan Anand (Hindistan) yarım xal geri qalıblar. Dördüncü yerdə 5 xalla Maqnus Karlsen qərarlaşıb. Cədvəldə daha sonrakı yerləri 4,5 xalla azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov, fransız Maksim Vaşye-Laqrav və amerikalı Fabiano Karuana, 4 xalla rusiyalı Sergey Karyakin tutublar.

Turnirin qaydalarına görə, blitsin qalibi cədvəldə sıranı özü seçir. İkinci oyunçu yerdə qalan nömrələrdən daha üstününü seçir, üçüncüsü və digərləri bu qayda ilə davam edirlər. Nəticədə iştirakçılar bu nömrələri alıblar: 1. Hikaru Nakamura, 2. Vişvanatan Anand, 3. Uesli So, 4. Maqnus Karlsen, 5. Şəhriyar Məmmədyarov, 6. Maksim Vaşye Laqrav, 7. Fabiano Karuana, 8. Sergey Karyakin, 9. Levon Aronyan, 10. Din Lijen.

Superturnirin ilk turunda Şəhriyar Məmmədyarov və Maksim Vaşye-Laqrav arasında görüş heç-heçə başa çatıb. Bu gün keçiriləcək ikinci turda həmyerlimiz Fabiano Karuana ilə qarşılaşacaq.

Xəbər 1072 dəfə oxundu.