Elxan Məmmədov: Bu, beynəlxalq təcrübə qazanmaq üçün şansdır
İtaliyanın paytaxtı Romada FİFA, UEFA və İtaliya Futbol Federasiyasının təşkilatçılığı ilə “FİFA qadın futbolu konfransı” keçirilib. İdman.com.az saytının məlumatına görə, tədbirdə çıxış edən UEFA-nın I vitse-prezidenti Şənəs Ərzik, Avropa futbol qurumunun Milli Assosiyalar üzrə direktoru Teodor Teodoridis Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına bu il keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatının təşkilati işlərində uğurlar arzulayıblar.

AFFA-nın baş katibi, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov konfransda çıxış edib. Təqdimatın mövzusu FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə ev sahibliyi etməyin üstünlükləri və çətinlikləri olub. Məmmədov dünya çempionatının Azərbaycanda keçirilməsinin böyük səbəblərindən birinin dövlətin və ictimaiyyətin böyük dəstəyinin olmasını qeyd edib.

Avropada və Azərbaycanda ilk dəfə keçiriləcək dünya çempionatının insanların yaddaşında unudulmaz xatirələr buraxacağını və Azərbaycanın dünyanın ən yaxşı U-17 qadınlararası dünya çempionatına ev sahibliyi edən ölkə kimi hafizələrdə qalacağına inandığını bildirib: “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi olaraq, biz bu çempionatı FİFA mütəxəssislərindən, digər ölkələrdən beynəlxalq təcrübə qazanmaq, futbol və idman idarəçiliyində insan resurslarının və futbol üzrə infrastrukturun inkişaf etdirilməsi və beynəlxalq könüllülük imkanları ilə yeni gəncliyin daha bilikli və açıqfikirli olması üçün şans kimi görürük”.

Təqdimat zamanı Elxan Məmmədov konfrans iştirakçıları önündə FİFA qadın futbolu səfiri və 2011-ci ildə Almaniyada təşkil edilən qadınlararası dünya çempionatının Təşkilat Komitəsinin prezidenti Steffi Consa ölkəmizdə keçirilən dünya çempionatın dostu olmasını təklif edib. Təklifi məmnuniyyətlə qəbul edən Steffi Consa Yerli Təşkilat Komitəsinin hədiyyəsi olaraq üzərində dünya çempionatın loqosu olan xalça hədiyyə olunub.

Təqdimatın sonunda Yerli Təşkilat Komitəsinin sədri bütün tədbir iştirakçılarını 22 sentyabrda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək dünya çempionatının açılış mərasiminə dəvət edib.
Sonda Elxan Məmmədov auditoriya tərəfindən verilən sualları cavablandırıb.

Xəbər 1154 dəfə oxundu.