Karateçimiz Bolqarıstanda gümüş medal qazanıb
Bolqarıstanın paytaxtı Sofiyada Dünya Karate Federasiyasının (WKF) gənclər arasında ilk liqa turniri keçirilib. Yarışda iştirak edən milli komandamızın üzvü Polina Hurenko (59 kq) turnirin gümüş medalına sahib olub.

Finaladək beş görüşdə xal buraxmayan ukraynalı legioner Asiya çempionu, yaponiyalı Rufi Fujita ilə həlledici görüşdə qələbəyə yaxın olsa da, qarşılaşmanın sonuna yaxın zədələnərək döyüşü dayandırmalı olub. Gümüş medalla yanaşı, ikiqat Avropa çempionu P.Hurenko oktyabrda Argentinada Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xallarını artırmağa müvəffəq olub.

Yarışa yollanan digər 9 idmançımız mükafatsız qalıb. Sofiyada gənclər liqasında rekord sayda 72 ölkədən 1878 karateçi mübarizə aparıb. İdmançılarımız turnirdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak ediblər.

Yeniyetmələrin Yay Olimpiadasına lisenziya xalları qazandıran növbəti mötəbər yarış iyunun axırı Xorvatiyada keçiriləcək. İdmançılarımız səfərdən qayıtdıqdan sonra növbəti lisenziya turnirinə hazırlığı davam etdirəcəklər.

Xəbər 899 dəfə oxundu.