Basketbol üzrə muxtar respublika turnirində “Naxçıvan” komandası qalib gəlib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda 16-17 yaşlı oğlanlar arasında basketbol üzrə muxtar respublika turniri keçirilib.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən turnirin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Basketbol Federasiyasının sədri Mahir Əliyev çıxış edərək turnirin keçirilmə qaydaları haqqında məlumat verib, idmançılara uğurlar arzulayıblar.

Dairəvi sistem üzrə keçirilən və iki gün davam edən turnirdə 4 komanda mübarizə aparıb. İlk olaraq meydana üçüncü yer uğrunda “Babək” və “Şərur” komandaları çıxıb. Daha üstün oyun sərgiləyən babəklilər meydanı 30:12 hesablı qələbə ilə tərk ediblər. Turnirin həlledici qarşılaşmasında isə “Naxçıvan” və “Ordubad” komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Naxçıvan basketbolçularının 56:49 hesablı qələbəsi ilə başa çatıb.

Sonda ilk üç pilləni tutan komandalar mükafatlandırılıb.

Xəbər 933 dəfə oxundu.