Ağır atletika üzrə Azərbaycan birinciliyinin ilk günündə Səma Mayılova və Lalə Rzazadə qalib olublar
Mayın 25-də Şüvəlandakı Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan birinciliyinə start verilib.

Yarışların ilk günündə körpücük üzərinə 15 və 17 yaşadək qızlar çıxıblar. Bu kateqoriyada yarışın qalibləri Sinkleyr cədvəlinə əsasən müəyyənləşiblər.

On beş yaşadək qızların mübarizəsində toplam 136 kiloqram (59+77) çəki və 191,41 xalla Səma Mayılova qalib gəlib. On yeddi yaşadək qızların yarışında isə Lalə Rzazadə toplam 133 kiloqram (63+70) nəticə və 194,91 xalla qızıl medala layiq görülüb.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klubları, mərkəzləri, uşaq-gənclər idman məktəblərini təmsil edən 150-yə yaxın atlet iştirak edir.

Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyənləşdirilməsi, ağır atletikanın təbliğ və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçim aparmaqdır.

Xəbər 1155 dəfə oxundu.