Cavid İmamverdiyev mövsümün futbolçusu seçilib
Azərbaycanda ilk dəfə oyunçular arasında səsvermə yolu ilə 2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuya adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komandaların heyətində göstərilmiş 185 oyunçudan 133-ü, yəni 72 faizi qatılıb.

“Qarabağ”ın 11, “Qəbələ”nin 21, “Neftçi”nin 17, “Zirə”nin 16, “Sumqayıt”ın 19, “Keşlə”nin 13, “Səbail”in 25, “Kəpəz”in isə 11 futbolçusu səs verib.

Respondentlər, ümumilikdə 44 futbolçunu fərqləndiriblər. Yekunda “Sumqayıt”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev mövsümün futbolçusu seçilib. İyirmi səkkiz yaşlı oyunçu 1 səs fərqi ilə "Qəbələ"nin hücumçusu, 13 qolla Premyer Liqanın bombardiri olan Baqali Dabonu qabaqlayıb. C.İmamverdiyev 17, Dabo 16 səs toplayıb.

Sonrakı iki yeri hərəyə 9 səs qazanan “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev və “Keşlə”nin pleymekeri Sezar Meza Kolli layiq görülüblər. Mirabdulla Abbasov (“Neftçi”), Riçard Almeyda və Qara Qarayin (hər ikisi “Qarabağ”) hər birinə 7 nəfər səs verib.

Xəbər 603 dəfə oxundu.