“BMX-in şahzadəsi” Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək
İyunun 5-dən 9-dək Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatında 60-a yaxın ölkənin müxtəlif yaş qrupları üzrə 2 minə yaxın idmançısının iştirak edəcəyi gözlənilir. Qadın velosipedçilər arasında favoritlərindən olan kolumbiyalı Mariana Paxon da Bakı trasında birincilik uğrunda mübarizə aparacaq.

1991-ci ildə Medelin şəhərində anadan olan Mariana Beynəlxalq Velosipedçilər İttifaqının sonuncu reytinq cədvəlində beşinci pillədə qərarlaşıb. Hesabında 1125 xal olan kolumbiyalı əvvəlki reytinqdə 3 pillə geriləyib.

Beş yaşından velosiped idmanı ilə məşğul olan Mariananın karyerasında ən uğurlu çıxışı ardıcıl iki Olimpiya Oyunlarına təsadüf edib. Velosipedçi “London-2012” və “Rio-2016” Yay Olimpiya oyunlarında bütün rəqiblərini üstələyərək dördilliyin zirvə yarışında qızıl medal qazanıb.

O, karyerası ərzində 14 dünya çempionluğu yaşayıb. M.Paxon, həmçinin Panamerika Oyunlarında 10, Mərkəzi Amerika və Karib dənizi hövzəsi, Cənubi Amerika Oyunlarında 9, Amerika milli çempionatında isə 2 dəfə qızıl medal qazanıb.

2010-cu və 2011-ci illərdə Kolumbiyanın ən yaxşı idmançısı seçilən Mariana dünya idmanında “BMX-in şahzadəsi” kimi tanınır. Belə nüfuzlu idmançının Bakıdakı dünya çempionatında iştirak etməsi medallar uğrunda gərgin idman mübarizəsinin aparılacağını deməyə əsas verir.

“Bakı-2018”in proqramına əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər (Challange) yarışacaqlar. İyunun 8-9-da isə gənclər və elit kateqoriyasında yarışan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.

Xəbər 868 dəfə oxundu.