Bakı-2020-nin rəqibi 75 milyon ABŞ dolları xərcləyəcək
2020-ci il Yay Olimpiya və Paralimpiya oyunlarını keçirməyə iddiaçı olan Bakının rəqibi Tokio büdcəsini artırıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Milli Olimpiya Komitəsinin prezidenti və Tokio-2020-nin Təşkilat Komitəsinin sədri Çunekadzu Takeda açıqlayıb.

Əvvəl bildirilirdi ki, Tokio XXXII Olimpiadanı keçirmək üçün təxminən 75 milyon ABŞ dolları xərcləyəcək. Ancaq indi Takeda bunun artdığını rəsmən elan edib: “Ümumi büdcəmiz 83,3 milyon dollar, yaxud 7,5 milyard yen təşkil edəcək. Bunun 42,2 milyon dolları şəxsi sektordan cəlb ediləcək. Qalan 41,1 milyon dollar isə Tokio metropoliyasından ayrılacaq. Bu pullar infrastrukturun inkişafına və obyektlərin inşasına cəlb olunacaq. Onlar gələcəkdə şəhərimizə varis kimi qalacaq”.

Qeyd edək ki, olimpiada-2020-yə Bakı və Tokio ilə yanaşı, Doha (Qətər), İstanbul (Türkiyə) və Madrid (İspaniya) şəhərləri də iddiaçıdır. Beynəlxalq Olimpiya Komitəsi (BOK) hansı şəhərlərin rəsmi namizəd olmayacağını mayın 23-də Kanadanın Kvebek şəhərində keçirəcəyi İcraiyyə Komitəsinin iclasında açıqlayacaq. Ev sahibinin adı isə BOK-un 2013-cü ilin sentyabrında Buenos-Ayresdə olacaq 125-ci sessiyasında seçiləcək.

Xəbər 1157 dəfə oxundu.