Paralimpiyaçı qılıncoynadanlar arasında ölkə kubokunun qalibləri müəyyənləşib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə mayın 18-də Yeni Ramana qəsəbəsindəki 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində qılıncoynatma üzrə ölkə kuboku turniri keçirilib.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən (ARMPK) bildiriblər ki, yarışda beş idman klubunun üzvləri çıxış ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qızların mübarizəsində Aytəkin Həsənova qızıl medal qazanıb. Qəndab Əkbərli yarışı ikinci, Samirə Əliyeva, Nənəxanım Əzimova və Turac Babayeva isə üçüncü pillədə başa vurublar.

Oğlanların yarışında Qalib Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abdulbağı Abdullayev gümüş, İlqar Kazımov, İlqar Ağayev, Emin Orucov və Vadim Aslanov bürünc medallara sahib olublar.

Xəbər 1271 dəfə oxundu.