Bakı növbəti mötəbər turnirə ev sahibliyi edəcək
Mayın 11-12-də Bakı İdman Sarayında idman kapoeyrası üzrə dünya çempionatı keçiriləcək.

Ümumdünya Kapoeyra Federasiyası (WCF), Gənclər və İdman Nazirliyi və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə təşkil olunacaq yarış Azərbaycanın Braziliyadakı səfirliyi və Braziliyanın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənir.

Çempionata 40-dan çox ölkədən yüzlərlə idmançı və komanda üzvünün qatılacağı gözlənilir. Yarışda, həmçinin dünyanın 12 ən iri kapoeyra qrupu və onların qrand masterlərinin, fəxri qonaq kimi rəsmi şəxslərin iştirakı gözlənilir.

Dünya çempionatında ölkəmiz müxtəlif çəki və yaş kateqoriyaları üzrə 25 idmançı ilə təmsil olunacaq. Yığma komandamız mundiala hazırlığı Azərbaycan Kapoeyra Federasiyasının baş məşqçisi Elgiz Əlizadənin rəhbərliyi ilə davam etdirir.

Yarış bir çox beynəlxalq televiziya və internet kanalları, o cümlədən Braziliyanın televiziya məkanında işıqlandırılacaq.

Xəbər 708 dəfə oxundu.