Kürdəmirdə Ulu Öndərin 95 illik yubileyinə həsr olunan futbol üzrə rayon birinciliyinə yekun vurulub
Kürdəmirdəki mərkəzi stadionda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan futbol üzrə rayon birinciliyinə yekun vurulub.

Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda ümumtəhsil məktəblərinin komandaları iştirak ediblər. Aprelin 25-dən start götürən yarışlara 16 ümumtəhsil məktəbi qatılıb.

Gərgin idman mübarizəsi ilə keçən yarışlar 5 saylı tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb.

Mükafatlandırma mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Süleyman Əhmədov bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumların qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi və digər tədbirlər daxil edilmişdi. Bu gün idmançılarımızın uğurlarının əsasında Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasəti dayanır.

Xəbər 736 dəfə oxundu.