Respublika şahmat festivalının final mərhələsinə start verilib
Şahmat fənni tədris olunan ümumtəhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş respublika şahmat festivalının final mərhələsinə start verilib.

Təhsil Nazirliyindən bildiriblər ki, Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən final yarışının açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan şahmatçılarının nailiyyətlərindən, bu idman növünün uşaqlar üçün əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzulayıb.

Sonra yarışlara start verilib.

Qeyd edək ki, şəxsi xarakter daşıyan yarış İsveçrə sistemi üzrə keçirilir, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir. Festivalın birinci mərhələsi şahmat fənni tədris olunan pilot ümumtəhsil məktəbləri arasında keçirilib, rayon (şəhər) üzrə qalib şagirdlər finalda iştirak etmək hüququ qazanıblar. Bu mərhələdə respublika üzrə şahmat fənni tədris olunan 500-ə yaxın pilot məktəbdən 3 min nəfərdən çox şagird iştirak edib.

Final yarışlarına mayın 9-da yekun vurulacaq. II, III və IV siniflər üzrə şəxsi yarışlarda müvafiq yerləri tutan məktəblilər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər 737 dəfə oxundu.