Bakıda keçirilən peşəkar boks üzrə beynəlxalq turnirə yekun vurulub
Bakı İdman Sarayında keçirilən peşəkar boks üzrə beynəlxalq turnirə mayın 4-də yekun vurulub.

Turnirdə Azərbaycanı, Rusiyanı, Argentinanı, Avstriyanı, Gürcüstanı və Ukraynanı təmsil edən peşəkar boksçular qələbə uğrunda mübarizə aparıblar. Turnirdə boksçular dörd titulun çempionluq kəmərləri uğrunda yarışıblar. Boksçular “WBC Youth”, “IBF International”, “WBA Continental” və “WBA Inter-Continental” kateqoriyaları üzrə çempionluq uğrunda mübarizə aparıblar.

Görüşlərdə Rauf Ağayev Elvin Qarayevi, avstriyalı Joxar Amaev isə Ukrayna idmançısı Volodimir Ramanenkonu texniki nakautla məğlub edib.

Rusiyalı Həsən Baysanqurov argentinalı Quido Pitodanonu texniki nakautla məğlub edərək ona məxsus olan “WBA Continental” versiyası üzrə çempion kəmərini qazanıb.

Onun böyük qardaşı Hüseyn Baysanqurov isə özünün “IBF International” və “WBA Inter-Continental” versiyası üzrə çempionluq kəmərini müdafiə etmək üçün argentinalı Antonio Villalobos ilə döyüşüb. Hüseyində rəqibinə şans verməyib. Döyüş rusiyalı idmancının qələbəsi ilə başa çatıb.

Azərbaycanlı gənc boksçumuz Vahid Abbasov ukraynalı Roman Zincenkodan üstün olub.

Gecənin əsas qarşılaşmasında azərbaycanlı Ramil Hacıyev “WBC Youth” versiyası üzrə dünya çempionu kəməri uğrunda argentinalı boksçu, dünya reytinqində ilk 100 sırada qərarlaşan Mateo Veron ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan idmançısının qələbəsi ilə başa çatıb. Döyüşün 3-ci hissəsində Ramil Hacıyevin üstünlüyü bəhrəsini verib hakim vaxtından əvvəl texniki nakaut qərarı ilə mübarizəni dayandırmalı olub.

Xəbər 1075 dəfə oxundu.