Azər Əliyev AOK-un Avropa yeniyetmələrinin Olimpiya Festivalı Komissiyasının üzvü seçilib
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitəsinin (AOK) Avropa yeniyetmələrinin Olimpiya Festivalı Komissiyasının üzvü seçilib.

MOK-dan bildiriblər ki, AOK-un Serbiyanın paytaxtı Belqraddakı növbəti görüşü çərçivəsində qurumun İcraiyyə Komitəsinin iclası, həmçinin AOK və Beynəlxalq Olimpiya Komitəsinin 39-cu seminarı keçirilib.

Seminarda AOK-un müxtəlif komissiyalarının dörd illik fəaliyyətinə yekun vurulub. Növbəti dörd il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirildikdən sonra komissiya üzvlərinin və rəhbərliyinin seçkisi olub.

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev AOK-un Avropa yeniyetmələrinin Olimpiya Festivalı Komissiyasının üzvü seçilib.

Qeyd edək ki, tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və marketinq idarəsinin direktoru Mehman Kərimov təmsil ediblər.

Xəbər 1580 dəfə oxundu.