Bakı Yeniyetmələrin Olimpiya Oyunlarına ev sahibliyi edəcək
İyunun 23-də Milli Gimnastika Arenası Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarına ev sahibliyi edəcək.

Oktyabrın 6-18-də Buenos-Ayresdə təşkil olunacaq Oyunlara vəsiqə qazanan kişi və qadın idman gimnastlarının adları məhz paytaxtımızda açıqlanacaq.

İlin ən mötəbər turnirinə lisenziya qazanmaq üçün 33 ölkədən 58 kişi və 54 qadın idman gimnastlarının çıxışları gözlənilir. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparacaqlar.

Ölkəmizi yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edəcəklər.

Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən, hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə edəcəklər.

Xəbər 1153 dəfə oxundu.