Azərbaycan triatlonçusu Yaponiyada Olimpiya marafonunda iştirak edib
Azərbaycan triatlon yığması “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün Olimpiya marafonuna qatılıb.

Komandamız Yaponiyanın Yokohama şəhərində keçirilən dünya seriyasının üçüncü mərhələsində iştirak edib. Yarışda Rostislav Pevtsov 6-cı nəticə göstərib.

R.Pevtsov 1500 metrlik su məsafəsini 17 dəqiqə 47 saniyəyə başa vurub. Ardınca isə 40 kilometrlik velodistansiyanı 55 dəqiqə 58 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 10 kilometrlik qaçış zolağını idmançımız 30 dəqiqə 57 saniyəlik nəticə ilə başa vurub. Ümumi hesabda R.Pevtsov 1 saat 46 dəqiqə 13 saniyə vaxt göstəricisi ilə 6-cı yerdə qərarlaşıb.

Turnirdə 55 idmançı mübarizə aparıb. Yarışın qalibi ispaniyalı Mario Mola olub.

Qeyd edək ki, idmançılarımız “Tokio-2020” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iki il ərzində təsnifat turnirlərində iştirak edəcəklər. Bu müddət ərzində onlar dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.

Xəbər 1563 dəfə oxundu.