“Qəbələ” komandası Gənclər Liqasının qalibi olub
AFFA-nın təşkil etdiyi futbol üzrə Gənclər Liqasında sonuncu oyun keçirilib.

Liqanın qalibini müəyyənləşdirən “Qəbələ”–“Qarabağ” qarşılaşmasında qapılara qol vurulmayıb. Hər iki komandanın aktivində eyni sayda xal olsa da, şəxsi oyunların göstəricisinə görə, “Qəbələ” çempion olub.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. “Səbail” komandasının üzvü Hüseynəli Quliyev ən yaxşı qapıçı, “Qarabağ”dan Turan Vəlizadə ən yaxşı oyunçu seçilib. Mövsüm ərzində 22 qolla liqanın bombardiri olan Kamran Quliyevə (“Qəbələ”) xüsusi mükafat verilib.

Liqanı üçüncü pillədə başa vurmuş “Səbail”, ikinci yeri tutmuş “Qarabağ” və turnirin qalibi "Qəbələ" müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib.

Sonda "Qəbələ" komandasına kubok təqdim olunub.

Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov, Vaqif Sadıqov və Qurban Qurbanov, AFFA-nın texniki direktoru Bernhard Lippert təqdim ediblər.

Xəbər 683 dəfə oxundu.