AİPS-in 81-ci konqresi Brüsseldə keçirildi
Mayın 7-dən 10-dək Belçika Krallığının paytaxtı Brüsseldə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının növbəti, 81-ci konqresi keçirildi. Avropa Parlamentinin və NATO-nun mənzil-qərargahlarının yerləşdiyi Brüssel bu dəfə dünya idman jurnalistlərinin əsas toplantısı məkanına çevrildi.

Əslində, builki konqres qardaş Türkiyənin Antalya şəhərində keçirilməli idi. Hətta ötən konqresdə, Seulda Türkiyə Spor Yazarları Dərnəyinin başkanı Oğuz Tongşir təqdimatla çıxş etmiş və AIPS üzvü olan ölkələr böyük əksəriyyətlə növbəti konqresin Antalyada təşkilinə səs vermişdilər. Yalnız bəzi Avropa ölkələri buna qarşı çıxmışdı.

Qərara əsasən, konqres bu il aprelin 7-də Antalyanın ən böyük otellərindən birində təşkil olunmalı idi və Türkiyə tərəfi, konqres iştirakçılarının qarşılanma, otel, qidalanma və s. xərclərini öz üzərinə götürmüşdu. Lakin tədbirə iki ay qalmış milli assosiasiyalara konqresin təxirə salınması barədə məktub göndərən AİPS bunu texniki problemlərlə əsaslandırsa da, Avropanın 12 ölkəsindəki həmkarlarımızın Türkiyədəki ictimai-siyasi vəziyyətə etiraz olaraq, konqresdə iştirakdan imtina etdikləri məlum oldu. Konqresin Türkiyədə təşkili əvvəlcə təxirə salındı, sonra isə etirazçı ölkələrdən biri olan Belçika paytaxtında keçirilməsinə qərar verildi.

Bununla da, 100 dövlətin səsinə qarşı 12 Avropa dövlətinin sözü daha həlledici oldu. Əvəzində Belçika səfirliyi digər qitələrdən olan 12 (!) ölkənin idman jurnalistinə konqresə gəlmək üçün şengen vizası verməkdən imtina etdi. 12 Avropa ölkəsinin iştirak etməyəcəyi bəyanatına reaksiya verən beynəlxalq təşkilatımızın ali toplantısı digər qitələrin, elə həmin sayda ölkəsi təmsil olunmadan keçdi. Düzdür, AIPS prezidenti Cianni Merlo konqresdə bu barədə danışaraq Belçikanın həmin ölkələrdəki səfirliklərini qınadı. Amma nə fayda...

Konqresə gəlincə burada əhəmiyyətli məsələlərin müzakirə olunduğunu qeyd etməliyik. İkinci Avropa Oyunları da daxil olmaqla, qarşıdakı bir sıra irimiqyaslı yarışların təqdimat mərasimi ilə başlanan və 3 gün davam edən toplantıda idman jurnalistlərinin peşə fəaliyyəti, qurumun üzvlük kartları və maliyyə göstəriciləri, eləcə də idman federasiyaları ilə qarşılıqlı əlaqələr müzakirə edildi.

Qeyd edək ki, növbəti konqres gələn ilin yanvarında İsveçrənin Lozanna şəhərində keçiriləcək.

Xəbər 629 dəfə oxundu.