“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı mayın 10-da başa çatıb.

Şahmat Mərkəzində festivalın qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə festivalın baş hakimi Faiq Həsənov çıxış edərək şahmatçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib.

146 şahmatçının mübarizə apardığı “C” qrupunda 6 yaş qrupu üzrə qaliblər mükafatlandırılıb. Belə ki, 8, 10 və 12 yaşlı oğlanların mübarizəsində müvafiq olaraq Murad Mehtizadə (Bakı), Əhmədağa Həşimov (Bakı), Əli Zuqanov (Bakı), qızların mübarizəsində isə Səlbinaz İsmayılova (Bakı), Lalə Hüseynova (Bakı) və Aydan Şükürova (Bakı) qalib adını qazanıblar. Ümumilikdə, “C” qrupunun qalibi 8 xalla Əli Zuqanov olub.

Sonra yarışda yaxşı nəticə göstərmiş ən kiçikyaşlı şahmatçı Əli Qarayev (Naxçıvan) mükafatlandırılıb.

“B” qrupunda turnir cədvəlinin liderləri eyni xal toplayıblar. Belə ki, Ağdam şahmatçısı Fariz Əhmədov (2146) son turda məğlub olmasına baxmayaraq, liderliyi əldən verməyib. Sumqayıt şahmatçısı Uğur İlyaslı (2095) ikinci, Bakı şahmatçısı Şahin Hüseynov (2182) isə 7 xalla üçüncü olub. Bu qrupda naxçıvanlı şahmatçılardan ən yaxşı nəticəni Sadiq Qarayev (1530) göstərərək (6 xal) mükafatçılar sırasına düşməyi bacarıb.

58 zəka sahibinin mübarizə apardığı “A” qrupunda qalib adını qrossmeyster Nicat Məmmədov (2602) qazanıb. Son turda azərbaycanlı zəka sahibi hollandiyalı qrossmeyster Sergey Tiviyakovla xalları yarı bölüb. Hər iki şahmatçının 6,5 xalı olmasına baxmayaraq, Nicat Məmmədov göstəricilərinə görə rəqibini qabaqlayıb. Digər pillələrdə qərarlaşan Eltac Səfərli, Qədir Hüseynov, İqor Xenkin, Anton Korobov, Ehsan Qaem Məqami, Orxan Abdulov və Pak Yevgeni də mükafatlandırılıblar.

Naxçıvanlı zəka sahibi, qrossmeyster Urfan Sevdimalıyev ən yaxşı nəticə göstərən şahmatçı kimi mükafata layiq görülüb. Həmçinin digər təmsilçimiz, FIDE ustası Sadiq Məmmədov beynəlxalq usta, azərbaycanlı FIDE ustası Aydan Höcətova isə qrossmeyster normasını (bir hissəsini) uğurla başa vurublar.

“A” qrupunda 18 yaşa qədər şahmatçılar arasında ən yaxşı nəticəni göstərən beynəlxalq usta Vüqar Əsədliyə xüsusi mükafat təqdim olunub.

Sonda çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında artıq 8 ildir şahmat festivalı keçirilir. Bu qədim diyarda dahi şəxsiyyətin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivallarının keçirilməsi böyük məna və əhəmiyyət kəsb edir. 2011-ci ildən keçirilən şahmat festivalları dünyanın müxtəlif ölkələrindən gəlmiş şahmatçılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə, onların böyük yarış təcrübəsi əldə etməsinə şərait yaradıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalını bağlı elan edən Vüqar Səfərov maraqlı və çətin mübarizə şəraitində keçən şahmat yarışının iştirakçılarını və qaliblərini təbrik edib, bu mötəbər yarışın təşkilatçılarına öz dərin minnətdarlığını bildirib.

Bununla da “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı başa çatıb.

Qeyd edək ki, 9 turdan ibarət olan festivalda 300-dən çox zəka sahibi “A”, “B” və “C” qruplarında iştirak ediblər. Festivalda 15 ölkənin şahmatçıları ağ-qara taxtada mübarizə aparıblar.

Xəbər 797 dəfə oxundu.