Bakıda “Real Madrid Fondu Azərbaycan” sosial futbol məktəbinin açılışı olub
Mayın 17-də Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində “Real Madrid Fondu Azərbaycan” sosial futbol məktəbinin açılışı olub.

Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Real Madrid Fondunun nümayəndələri – “Real Madrid” futbol klubunun elçisi Rikardo Qalleqo və Fondun Avropa regionu üzrə baş meneceri xanım Elena Fernandez iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda futbolun inkişafının daim dəstəkləndiyini, idmanın bu növünün inkişafına dair Dövlət Proqramının uğurla icra edildiyini vurğulayıb. Bu məktəbin açılışının Azərbaycanda uşaq futbolunun inkişafında əhəmiyyətini xüsusi qeyd edən nazir deyib: “Real Madrid” futbol klubu dünyada öz uğurları və təcrübəsi ilə seçilir. Belə bir klubun məktəbində futbol dərsləri almaq hər bir uşağın inkişafı və gələcək karyerası üçün uğurlu addımdır”.

“Real Madrid” futbol klubunun elçisi Rikardo Qalleqo çıxışında beş illik səmərəli əməkdaşlıqdan məmnunluq duyduğunu vurğulayaraq deyib: “Gənclər və İdman Nazirliyi, “İnkişaf Naminə İdman” İctimai Birliyi və Real Madrid Fondu bir komandadır. Bu sosial komanda Azərbaycanda uşaqların gələcəyini formalaşdırmaq üçün çalışır. Biz dünyanı daha yaxşı məkana çevirəcək, hörmət, motivasiya, çalışqanlıq, bərabərlik, sağlamlıq, əməkdaşlıq, məsuliyyət və həmrəyliyə əsaslanan çempionluğumuzu qazanmalıyıq”.

Azərbaycan Gənclər və İdman Nazirliyinin və Real Madrid Fondunun birgə layihəsi olan sosial futbol məktəbi 2013-cü ildən fəaliyyət göstərir. 2013-cü ildə imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq, yaradılan məktəb Real Madrid Fondunun MDB məkanında birinci, Avropada səkkizinci layihəsi olub. 2013-2017-ci il tədris müddətini əhatə edən ilk mərhələdə görülən işlərin uğurlu olması ilə əlaqədar tərəflər əməkdaşlığı davam etdirmək qərarına gəliblər.

Bu ilin yanvarında yeni müqavilə imzalanıb. Beləliklə, “Real Madrid Fondu Azərbaycan” sosial futbol məktəbi növbəti dörd il ərzində ölkədə futbolun inkişafına və kütləviliyinə dəstək verməkdə davam edəcək.

Layihənin əsas tərəfdaşları Gənclər və İdman Nazirliyi ilə Real Madrid Fondudur. Əsas icraedici tərəfdaş isə “İnkişaf Naminə İdman” İctimai Birliyidir.

Məktəbdə dörd yaş qrupu üzrə komandalarda 80 uşaq məşqlərə cəlb olunur. Məşqlər həftədə iki dəfə - cümə axşamı və şənbə günlər olmaqla 267 saylı məktəbin və “Pioner” futbol məktəbinin meydançalarında keçirilir. Məşqlər ödənişsizdir.

Xəbər 963 dəfə oxundu.