Avropa çempionatında ölkəmizi təmsil edəcək sərbəst güləşçilər müəyyənləşib
Aprelin 30-dan mayın 6-dək Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən sərbəst güləş üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib.

Məşqdən əvvəl Federasiyanın birinci vitse-prezidenti, yığma komandanın baş məşqçisi Firdovsi Umudovun, vitse-prezidentlər Maqomed Aliomarovun və Namiq Abdullayevin, baş katib Orxan Məmmədovun iştirakı ilə Avropa çempionatına yollanacaq yığmamızın heyəti açıqlanıb.

Sərbəst güləş üzrə komandamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək. Baş məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu heyətdə Giorgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtazali Müslimov (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədova (125 kq) yer verib.

Proqrama əsasən, Avropa çempionatı aprelin 30-da yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayacaq. Mayın 2-4-də qadın, 4-6-da isə sərbəst güləşçilər qüvvələrini sınayacaqlar.

Xəbər 877 dəfə oxundu.