Millimiz “Heydər Əliyev Kuboku-2018” beynəlxalq boks turnirinin qalibi olub
Mayın 14-də yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2018” beynəlxalq turnirinə yekun vurulub.

Turnirdə 5 qızıl, 5 gümüş və 7 bürünc medal qazanan Azərbaycan millisi qalib adına sahib olub.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən ənənəvi yarışda Azərbaycan yığması ilə yanaşı, Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna milliləri mübarizə aparıblar.

Komandamız turnirdə 5 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıb. Millimizin heyətində Əli Zamanov (48 kq), Əzrək Bəbirov (54 kq), Eldar Babayev (60 kq), Elmir Novruzov (63 kq) və Murad Allahverdiyev (80 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələniblər. Yalnız finalda məğlub olan Ruslan Qədirov (46 kq), Elmar Abbasov (52 kq), Nihat Həmidov (57 kq), İsa Novruzlu (63 kq) və Cəfər Heydərli (70 kq) ikinci yeri tutublar.

Digər boksçularımızdan Sənan Əhmədov (48 kq), Nihad Qurbanov (52 kq), Rəşid Həsənov (60 kq), Samir Nəsirov (63 kq), Nurlan Qasımov (70 kq), Əsəd Baxışov və Əhməd Əhmədov (hər ikisi 80 kq-dan yuxarı) bürünc medallarla kifayətlənməli olublar.

Bu nəticə Azərbaycanı komanda hesabında birinci yerə yüksəldib. Yarışda ikinci yeri Qazaxıstan millisi tutub. Qazaxıstan yığması “Heydər Əliyev Kuboku-2018”də 5 qızıl və 5 gümüş medala yiyələniblər. Onlar yığmamızdan 3 bürünc medal geri qalıblar. İlk üçlüyü isə Ukrayna komandası tamamlayıb. Bu komanda Sumqayıtda 9 medala (2-2-5) sahib olub.

Turnirin qaliblərinə diplom və kubok təqdim edilib.

Azərbaycan təmsilçisi Eldar Babayev turnirin ən texnikalı boksçusu adına layiq görülüb.

Xəbər 1429 dəfə oxundu.