Dünya çempionu Maqnus Karlsen Şəmkirdə futbol turnirinin qalibi olub
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2018” superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib.

Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı, yarışda “Shamkir Chess-2018” superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv də çıxış edib.

Final oyununda Azərbaycan komandası ilə heyətində xarici şahmatçıların çıxış etdiyi “Dünya yığma”sı üz-üzə gəlib. Maraqlı anlarla yadda qalan həlledici görüş “Dünya yığma”sının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Dünya yığma”sının turnirdə bütün qollarını dünya çempionu Maqnus Karlsen vurub. Ümumilikdə norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub.

Sonda qalib komanda kubokla mükafatlandırılıb.

Xəbər 937 dəfə oxundu.