Gömrük orqanları arasında ənənəvi futzal çempionatına yekun vurulub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən futzal çempionatı başa çatıb.

Yarışda Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanlarının komandaları iştirak ediblər.

Çempionatın final oyunu Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandaları arasında keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən və hər iki komandanın əzmkarlıq nümayiş etdirdiyi oyun Naxçıvan gömrükçülərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, turnirdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası birinci, Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının komandası ikinci, Sumqayıt Baş Gömrük İdarəsinin komandası isə üçüncü yerə çıxıblar.

Çempionatın qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açıb. O, uşaqların və gənclərin sağlam mühitdə böyüməsinə yönələn bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Gənclər və İdman Nazirliyi adından yarışın təşkilatçılarına minnətdarlığını bildirib. Raqif Abbasov DGK tərəfindən gömrük işinin təşkili ilə yanaşı, idmana xüsusi önəm verilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Sonra DGK rəhbərliyi tərəfindən turnirin qaliblərinə və mükafatçılarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kubok, diplom və medalları, eləcə də hədiyyələr təqdim olunub.

Turnirdə fərqlənən 6 oyunçu müxtəlif nominasiyalarda diplomlarla təltif ediliblər. Müslüm Hüseynov “ən əzmkar oyunçu”, Emin Kərimov “ən texnikalı oyunçu”, Orxan Rzayev “ən yaxşı yarımmüdafiəçi”, Zaur Əsədov “ən yaxşı müdafiəçi”, Rahil Tahirli “ən yaxşı qapıçı”, Nizami Şərifov, Azad Hüseynov “ən yaxşı hakim” nominasiyalarının qalibi olublar.

Yarışların keçirilməsində əməkdaşlıq etdiklərinə görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova, Azərbaycan Texniki Universitetinin İdman Kompleksinin direktoru Emin Zeynalova, həmin kompleksin direktor müavini Adıgözəl Rəcəbova xatirə medalları təqdim edilib.

Mərasimdə Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev tərəfindən Arazxan Teymurov “ədalət prinsiplərinə sadiq məşqçi”, Ramazan Ağayev “ədalət prinsiplərinə sadiq idmançı”, Elçin Səmədli “ədalət prinsiplərinə sadiq hakim” nominasiyalarında mükafatlarla təltif ediliblər. AzƏOK tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədova xüsusi kubok təqdim edilib.

Aprelin 12-də start götürən çempionatda 4 mərhələ üzrə 2 qrupda 12 komanda mübarizə aparıb. Çempionatın təşkilində əsas məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin edilməsi olub.

Xəbər 1608 dəfə oxundu.