İndi də Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşdülər
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçiriblər. İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbiri giriş sözü ilə AMİU-nin Tərbiyə İşləri üzrə prorektoru Tofiq Qasımov açaraq, Azərbaycanda 2012-ci ilin “İdman İli” elan olunmasının və FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin önəmini qeyd edib.

Çempionatın ümumi təqdimatının və könüllülük proqramının təqdim edildiyi tədbirdə tələbələrə çempionata hazırlıq çərçivəsində görülən işlər haqda məlumat verilib, bu tip beynəlxalq turnirin ölkəmiz üçün əhəmiyyəti barədə müzakirələr aparılıb. Gənclər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması barədə məlumatlandırılıblar.

200-dən çox tələbənin iştirak etdiyi tədbirdə gənclərə dünya çempionatında onlar üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın səmərəsi, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı məlumat verilib. Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlandırılan sualları cavablandıran tələbələr dünya çempionatını özündə əks etdirən müxtəlif növ hədiyyələr qazanıb.

Xəbər 1008 dəfə oxundu.