Azərbaycanın gimnastika komandası “AGF Junior Trophy” beynəlxalq turnirinin bürünc medalını qazanıb
Aprelin 23-də Milli Gimnastika Arenasında keçirilən gənc gimnastların iştirak etdikləri “AGF Junior Trophy” beynəlxalq turnirinin birinci günündə 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda komandalar arasında qaliblər müəyyənləşib.

Azərbaycan yığma komandası 89,250 xal toplayaraq turnirin bürünc medalına layiq görülüb.

Bu yaş qrupunda birinci yeri 100,900 xalla Rusiya komandası tutub. Belarus millisi isə 93,300 xalla gümüş medala sahib olub.

Turnirin birinci günündə bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Dərya Farşbafşəhriyari və Arzu Cəlilova fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Azərbaycanın ikinci komandası isə 88,300 xalla komanda hesabında beşinci yerdə qərarlaşıb.

Gimnastımız Arzu Cəlilova “Ən yüksək icra xalına görə” hakimlər briqadası tərəfindən “AGF Trophy” mükafatı ilə təltif edilib.

“AGF Junior Trophy” turniri iyunun 1-3-də İspaniyanın Quadalaxara şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil edilib. Turnirdə 18 ölkədən idmançı iştirak edir.

Xəbər 815 dəfə oxundu.