Prezident İlham Əliyev Qazaxda Şahmat Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Qazax rayonuna səfəri çərçivəsində Şahmat Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş mərkəzin tikintisinə 2011-ci ilin dekabrında başlanılmışdı. Mərkəzin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, gənclərlə görüşlərini, həmçinin ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğını əks etdirən fotoşəkillərdən ibarət stendlər quraşdırılıb.
Diqqətə çatdırıldı ki, Qazax Şahmat Mərkəzi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan, ötən əsrin başlanğıcında tikilmiş 57 kvadratmetrlik köhnə binada yerləşirdi. Buna görə də mərkəz üçün şəhərin mərkəzində ümumi sahəsi 750 kvadratmetr olan yeni bina inşa edilib.
Prezident İlham Əliyevə məlumat verildi ki, Qazax Şahmat Mərkəzində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb. Mərkəzdə şahmat dərslərinin keçirilməsi üçün zəruri avadanlıqla təchiz olunmuş beş tədris, xidmət, müəllim otaqları, yeməkxana və oyun zalı fəaliyyət göstərir. Yüksək standartlara cavab verən, ümumi sahəsi 167 kvadratmetr olan oyun zalında yerli, regional və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün bütün şərait mövcuddur. Şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılıb. Bu da dərslərin kompyuter vasitəsilə tədrisinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır.
Dövlətimizin başçısı gənc şahmatçıların oyunlarını izlədi.
Qeyd edildi ki, Qazax Şahmat Mərkəzi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Qazax şahmatçıları son illərdə beynəlxalq və respublika səviyyəli şahmat yarışlarında bir sıra uğurlar qazanıblar.
Müasir memarlıq üslubunda tikilmiş mərkəzin binasının və ətrafındakı hasarın üzərində şahmat fiqurlarının təsvirləri həkk olunub. Mərkəzin həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılıb, göz oxşayan fəvvarə yaradılıb.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.

AzərTAc

Xəbər 2738 dəfə oxundu.