Yığmamız UEFA İnkişaf turnirində iştirak edəcək
2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması aprelin 23-27-də Antalyada keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

Turnirdə komandamızla yanaşı, Gürcüstan və Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığmaları mübarizə aparacaqlar. Yunanıstan yığması turnirdə iştirakdan imtina etdiyi üçün Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması da yarışa qatılacaq.

Aşağı yaş qruplarından ibarət milli komandalar üzrə Avropa çempionatlarının elit raundu və final mərhələsi başa çatmadığı üçün UEFA-nın keçirdiyi yarışlarda 2003-cü il təvəllüdlülərdən ibarət yığma komandalar U-15 hesab olunur. Azərbaycanda isə yığma komandaların heyəti müəyyənləşdirilərkən növbəti seçmə mərhələ nəzərdə tutulduğu üçün bir yaş daha kiçik futbolçular cəlb olunur. Buna görə Antalyada keçiriləcək UEFA İnkişaf turnirində Azər Məmmədovun baş məşqçisi olduğu 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız iştirak edəcək və həmin yarışda Azərbaycan U-15 komandası adlanacaq.

Xəbər 1131 dəfə oxundu.