Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılazadə “Tokio-2020” Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsinin sədri Yoşiro Mori ilə görüşüb.

Görüşdə səfir Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizmin və s. sahələrin inkişafına yüksək önəm verildiyi haqqında ətraflı məlumat verib. Cari il aprelin 11-də keçirilən prezident seçkilərinə toxunan diplomat Prezident İlham Əliyevin 86,02 faiz səs toplayaraq növbəti dəfə ali dövləti vəzifəyə seçildiyini vurğulayıb. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin nailiyyətləri, enerji strategiyası, iqtisadiyyatın digər sahələrinin yüksək inkişafı barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Yaponiyanın Asiya regionunda Azərbaycan üçün çox vacib ölkə olduğunu qeyd edən G.İsmayılzadə respublikamızın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Səfir əməkdaşlığımızın, xüsusən iqtisadi sahədə genişləndirilməsinin vacibliyini qeyd edib. 1998-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və 2006-cı ildə Prezident İlham Əliyevin Yaponiyaya səfərlərinin iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfələr verdiyi vurğulanıb.

Ölkəmizin zəngin tarixinə nəzər salan səfir Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğunu, 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası, ilk illərdə ölkəmizdə yaşanan xaos və tənəzzül, eləcə də Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması barədə Y.Moriyə ətraflı məlumat verilib. Bundan başqa, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər, həyata keçilən uğurlu daxili və xarici siyasət, ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər, o cümlədən idman yarışları haqqında da ətraflı söhbət açılıb.

Y.Mori ətraflı məlumata görə minnətdarlığını ifadə edərək son dövrdə Azərbaycana bütün dünyada, o cümlədən Yaponiyada böyük maraq olduğunu bildirib. Qeyd edib ki, əslən İşikava prefekturasından olduğuna görə, artıq iki ildən çoxdur Bakı-Komatsu marşrutu ilə “Silkway” şirkətinin birbaşa yükdaşıma reysləri həyata keçirməsindən xəbərdardır. Yaponiya da, öz növbəsində, Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verir və ölkəmizin regionda lider dövlət olduğu haqqında məlumatlıdır.

Azərbaycanda idmanın inkişafı, ölkəmizdə təşkil edilən mötəbər idman yarışları barədə ətraflı məlumat verən səfir qeyd edib ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdikləri qayğı nəticəsində böyük nailiyyətlərə imza atan Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan idmançıları Olimpiya və Paralimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, eləcə də digər mötəbər beynəlxalq turnirlərdə uğurla mübarizə aparır, ölkəmizi layiqincə təmsil edirlər.

Görüşdə “Tokio-2020” Olimpiya və Paralimpiya oyunları, Azərbaycan idmançılarının həmin yarışlarda iştirakı barədə ətraflı fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Xəbər 616 dəfə oxundu.