Pərviz Abdullayev dünya kəməri uğrunda beşinci döyüşünə çıxacaq
“Qəbələ” idman klubunun idmançısı, Əməkdar idman ustası, peşəkar kikboksinq üzrə beşqat dünya çempionu “Kobra” ləqəbi ilə tanınan Pərviz Abdullayev növbəti döyüşünə çıxacaq. Aprelin 20-də Moskvada keçiriləcək mötəbər “ACB KB 15” turnirində P.Abdullayev 77 kiloqram çəki dərəcəsində dünya kəməri uğrunda mübarizə aparacaq. Döyüşçümüzün rəqibi çeçen əsilli Rusiya idmançısı İslam Baybatırov olacaq.

Azərbaycan Boks Federasiyasının mətbuat zalında qarşılaşma ilə əlaqədar keçirilən mətbuat konfransında Pərviz Abdullayev, “Qəbələ” idman klubunun döyüş növləri üzrə əlaqələndiricisi Səbuhi Qarayev və menecer Faiq Abdullayev media nümayəndələrinin suallarını cavablandırıblar.

Turnir barədə məlumat verən S.Qarayev döyüşçümüzün keçmiş uğurlarından və karyerasından danışıb.

Keçirdiyi döyüşlər və qarşıdakı yarışa hazırlıqla bağlı məlumat verən P.Abdullayev deyib: “Bu, mənim kəmər uğrunda beşinci qarşılaşmamdır. Qarşılaşma beş raunddan ibarətdir. Belə döyüşlər həmişə çətin olur. Var gücümlə hazırlaşmışam. Qalib gəlmək üçün rəqibdən bir deyil, iki dəfə güclü olmalısan. Döyüş üçün iki aydan çoxdur hazırlıq keçmişəm. Yoxlama döyüşlərim olub. Bakıda və Qəbələdə təlim-məşq toplanışları keçirmişik. Hücum döyüşünü sevirəm. Bu dəfə də elə olacaq. Rəqibimi yaxşı təhlil etmişəm, onun zəif və güclü cəhətlərini bilirəm. Həmişə olduğu kimi özümə güvənirəm”.

Kikboksçumuz bu döyüşdən sonra mötəbər “Glory” turnirinə qayıdacağına inandığını da bildirib.

Döyüşçümüzün meneceri Faiq Abdullayev isə Moskvada Azərbaycan diasporunun üzvlərinin Pərvizi fəal şəkildə dəstəkləyəcəklərini bildirib.

Xatırladaq ki, bu qarşılaşma P.Abdullayevin peşəkar karyerasında 53-cü döyüşü olacaq. Döyüşçümüz bu döyüşlərdən 22-si nakautla olmaqla 46 qələbə qazanıb.

Xəbər 1517 dəfə oxundu.