Formula 1 yarışı zamanı Bakıda çıxış edəcək məşhur DJ-lərin əyləncə proqramlarına hər kəs qatıla bilər
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində hər gün məşhur DJ-lərin “Baku Crystal Hall”da gecədən səhərədək davam edəcək musiqili əyləncə proqramlarında yarışa biletləri olmayanlar da iştirak edə biləcəklər.

Bunun üçün əyləncə həvəskarları www.iticket.az saytına daxil olaraq onlayn şəkildə və ya şəhərdəki müvafiq kassalara yaxınlaşaraq gecə proqramı üçün bilet əldə edə bilərlər. Biletlər bir gün üçün etibarlıdır. Bu biletlərin bir günlük qiyməti “Golden circle” adlanan səhnəyə ən yaxın yer üçün 50, digər yerlər üçün isə 30 manatdır.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarış həftəsonunun şəhər sakinləri üçün xoş əyləncə imkanları bəxş edəcəyini bildirərək deyib: “Builki Azərbaycan Qran-Prisinin dünya ulduzlarının iştirakı ilə baş tutacaq zəngin əyləncə proqramına – Afrojack, Axwell Λ Ingrosso və Martin Solveyq kimi DJ-lərin daxil edilməsi olduqca sevindirici haldır. Həm dünya ulduzlarının axşam konsertləri, həm də məşhur DJ-lərin gecə proqramları avtoidman həvəskarları ilə yanaşı, əyləncəsevərlər arasında da böyük marağa səbəb olub. Əvvəlki illərdən fərqli olaraq, bu il DJ-lərin musiqili əyləncə proqramlarını arzuedən hər kəs üçün açıq etməklə çalışdıq ki, Formula 1 yarışı ərəfəsində Bakıda yaşanacaq festival ab-havasından heç kim kənarda qalmasın”.

N.Arpadarai bildirib ki, Formula 1 azarkeşləri yarış həftəsonuna bilet almaqla bütün imkanlardan istifadə edə və əyləncələrə qatıla biləcəklər. Tam bilet sahibləri aprelin 27-29-da axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqillera və Dua Lipanın konsertlərində, həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında iştirak edə biləcəklər.

Qeyd edək ki, yarış həftəsi ərzində Neftçilər prospektinin Azneft dairəsindən “Baku Crystal Hall”dək hissəsi ümumi istifadə üçün bağlı olacağından burada yalnız icazə sənədinə sahib nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək. Formula 1 bileti olmayan və yalnız DJ-lərin proqramına bilet alan əyləncəsevərlər “Baku Crystal Hall”a öz imkanları ilə gəlməlidirlər.

Xəbər 1187 dəfə oxundu.