Buzovnada yeni idman zalı istifadəyə verildi
Bu gün Xəzər rayonu, Buzovna qəzəbəsində yeni idman zalının açılış mərasimi baş tutdu. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Xəzər rayon icra hakimi Gülağa İslamov, deputat Rauf Əliyev və digər rəsmilər iştirak edirdilər.

Çıxışı zamanı nazir Azad Rəhimov bildirdi ki, Buzovna qəsəbəsində inşa edilmiş idman zalı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilmişdir. Binada universal idman zalı, trenajor zalı, şahmat otağı, tədris otağı və digər mərkəzlər var.

Azad Rəhimov bildirdi: “Bu gün ölkəmizdə 43 OİK fəaliyyət göstərir. Bir müddət bundan öncə Tərtərdə sayca 44-cü, Beyləqanda isə 45-ci OİK-in təməli qoyuldu. Bu il Lənkəran OİK-in istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Goranboy və Neftçala rayonlarında növbəti OİK-in tikintisinə başlanılıb. Yardımlı rayonunda isə İdman Kompleksinin tikintisi davam etdirilir.”

Buzovna idman zalı haqqında məlumat:

Layihə-smeta sənədləri “ArchiCo” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmışdır. Tikinti-quraşdırma işləri “İçəri Şəhər Tikinti və Bərpa” MMC tərəfindən yerinə yetirilmişdir. Tikinti işlərinə 2013-cü ildə başlanılmışdır. Obyektin ümumi tikinti altı sahəsi 1300 m2, Ümumi sahəsi 1827 m2 təşkil edir.

Yaşıllaşdırma işləri 290 m2, asfalt-beton yollar, daş-döşəmə və abadlıq sahəsi 1261m2

Obyektin baş planına əsasən inşa edilmişdir:

İdman Zalı binası – 2 mərtəbədən ibarətdir (Tikilialtı sahəsi 1033 m2, ümumi sahəsi 1514 m2).
Binada Universal idman zalı, Trenajor zalı, Şahmat otağı, Tədris otağı, Kafe, məşqçi otağı, həkim otağı, müdiriyyət və işçi otaqları, anbar, idmançılar üçün soyunub-geyinmə, duş, sanitar qovşaqlar, giriş hissədə qeydiyyat hissəsi (reception) vardır.

Bina müvafiq inventar və avadanlıqlarla təchiz edilmişdir.

Bunlarla yanaşı baş plana əsasən ərazidə süni örtüklü Voleybol meydançası və həmin meydança üçün soyunub-geyinmə, duş və sanitar qovşaqları olan 2 hissədən ibarət bina edilmişdir.

Eyni zamanda içməli və yanğına qarşı ehtiyat su anbarı, qazanxana, nasosxana inşa edilmiş, komplekt transformator məntəqəsi quraşdırılmışdır.

İdman zalı müasir soyutma, isitmə, ventilyasiya, işıqlandırma, yanğın siqnalizasiya sistemləri ilə təchiz edilmiş və obyekt su, qaz, işıq, rabitə xətləri ilə təmin edilmişdir.

Xəbər 2417 dəfə oxundu.