Kişi gimnastlarımız beynəlxalq turnirdə beş medal qazanıblar
Kişilərdən ibarət idman gimnastikası üzrə yığma komandamızın təmsilçiləri Anar Həsənov və Aydın Əlizadə Belarusun Moqilyov şəhərində beynəlxalq turnirdə beş medal qazanıblar.

Beynəlxalq arenada ilk təcrübələri olmalarına baxmayaraq, gimnastlarımız 34 iştirakçı arasında fərqlənməyi bacarıblar. Belə ki, yeniyetmələr arasında mübarizədə gimnastımız A.Əlizadə altı alət arasında hərəkətlərinin cəminə görə ən yüksək pillədə qərarlaşaraq, komandamızın hesabına ilk qızıl medalı yazdırıb. Bununla kifayətlənməyən A.Əlizadə sərbəst hərəkətlərdə də gümüş medal əldə edib. Bu alətdə qızıl medal isə elə digər həmyerlimiz A.Həsənova qismət olub.

A.Həsənov paralel qollardakı çıxışındakı hərəkətləri də ona qızıl medal qazandırıb. Dəstəli at üzərindəki çıxışına görə isə idmançımız ikinci pillədə qərarlaşıb.

Xəbər 699 dəfə oxundu.