Gənc taekvondoçulardan ibarət milli komandalarımız beynəlxalq yarışlarda iştirak edəcəklər
Taekvondo üzrə gənclərdən ibarət Azərbaycanın Olimpiya və gənc milli yığma komandaları növbəti mötəbər yarışlarda iştirak edəcəklər.

Aprelin 6-7-də Tunisin Hammamet şəhərində lisenziya yarışları və 9-13-də dünya birinciliyi keçiriləcək. Argentinada təşkil ediləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 6, dünya birinciliyində isə 10 idmançımız medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun və Niyaməddin Paşayevin rəhbərlik etdiyi heyətdə milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, beynəlxalq dərəcəli hakim Ramal Camalov artıq Tunisə yollanıb.

Yüz iyirmi ölkədən 962 gənc taekvondoçunun qatılacağı lisenziya xarakterli turnirdə məşqçilər heyəti Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (55 kq), Cavad Ağayev (63 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) və Sahar Karqara şans verib.

Dünya birinciliyində isə ölkəmizi Nihad Abbasov (45 kq), Yaşar Məmmədli (48 kq), Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq), Sahar Kargar (52 kq) təmsil edəcəklər.

Xəbər 1052 dəfə oxundu.