Məşhur DJ Afrojack Bakıda Formula 1 həvəskarları üçün konsert verəcək
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 27-də “Jamiroquai”nın iştirakı ilə baş tutacaq axşam konsertinin ardınca məşhur DJ Afrojack idmansevərlərə coşqulu gecə təqdim edəcək. Əvvəlki illərdən fərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları “Baku Crystal Hall”da keçiriləcək.

“Grammy” mükafatına sahib Afrojack bəstəkarlığı ilə də məşhurdur. O, elektronik, hip-hop və pop kimi müxtəlif musiqi janrları arasında asanlıqla keçidlər yarada bilən peşəkar sənətçidir. Afrojack yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb. Onun bəstələdiyi treklər sırasına Beyonsun “Run the world (Girls)”, Madonnanın David Quetta ilə birlikdə ifa etdiyi “Revolver” və Ne-Yo ilə Pitbullun birgə səsləndirdikləri “Give me everything” mahnıları daxildir.

Təkcə bu il Afrojack “Dirtcaps” ilə birlikdə “Bad Company” trekini, yenidən David Guetta və Sia ilə birlikdə “Helium” trekini, həmçinin U2-nin “Get out of your own way” mahnısının remiksini buraxıb. O, yaxın dostu David Quetta ilə sıx əməkdaşlıq edir. Onlar bu ilin sonunda İbizada birlikdə çıxış edəcəklər. Bundan başqa, iki dost ötən il Ester Dean ilə birlikdə ifa olunan “Another life” və Charli XCX və French Montana ilə birlikdə səsləndirilən “Dirty sexy money” mahnılarını ərsəyə gətiriblər.

Madonnanın David Quetta ilə birgə ifa etdiyi “Revolver” mahnısına Afrojackın 2011-ci ildə yazdığı “One love club” remiksi “Grammy” mükafatında qeyri-klassik janr kateqoriyasında ilin ən yaxşı remiksi adına layiq görülüb. O, indiyədək, ümumilikdə 4 dəfə mükafata yiyələnib. Digər üç mükafatı Leona Luisin “Collide” mahnısının remiksinə, Kris Braunun “Look at me now” və Ne-Yo, Pitbull və Nayerin birgə ifa etdiyi “Give me everything” mahnılarına yazdığı bəstələrə görə əldə edib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim məşhur DJ-in Bakıya gəlişindən məmnunluğunu ifadə edərək deyib: “Builki Azərbaycan Qran-Prisinin dünya ulduzlarının iştirakı ilə baş tutacaq zəngin əyləncə proqramına Afrojack kimi tanınmış DJ-in daxil edilməsi olduqca sevindirici haldır. Afrojack elektronik rəqs musiqisinin ən nüfuzlu və istedadlı sənətçilərindəndir. O, cümə günü gecə saatlarında səhnəyə çıxaraq yarış həvəskarlarını öz məşhur trekləri ilə əyləndirəcək. Yarış təşkilatçılarından çox azının təklif etdiyi bu canlı əyləncə proqramı F1 azarkeşlərinə möhtəşəm gecə bəxş edəcək. Bakıda hər gecə səhərədək əyləncə olacaq. Mən şəxsən bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm”.

Bütün bilet sahibləri aprelin 27-29-da axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində, həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında ödənişsiz iştirak edə biləcəklər. Ayaqüstü yerlərə bileti olan tamaşaçılar həmin günə məxsus konsertə və DJ proqramına pulsuz qatıla biləcəklər.

DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarına ayrılıqda bilet almaq mümkündür və gündəlik satılan bu biletlərin qiyməti DJ-lərə ən yaxın mövqedə yerləşən “Qızıl dairə” zonası üçün 50, digər yerlər üçün 30 manat təşkil edir. Bu biletə sahib olanlar “Crystal Hall”a saat 23:00-dan etibarən buraxılacaqlar.

Qeyd edək ki, bütün tamaşaçıların Bakı şəhər halqasından “Baku Crystal Hall”a rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar xidmət göstərəcək. Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit-yolu gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib Dənizkənarı Bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonundan hərtərəfli zövq ala biləcəklər.

Xəbər 1550 dəfə oxundu.