Minskdə II Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə olunacaq
2019-cu il iyunun 21-dən 30-dək Belarusun paytaxtında keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək ölkələrdən on iki Milli Olimpiya Komitəsinin nümayəndələri Minskdə toplaşıblar.

Avropa Oyunlarının Təşkilat Komitəsi iki gün müddətində Azərbaycan, Belarus, Belçika, Danimarka, Böyük Britaniya, Macarıstan, Latviya, Lüksemburq, Niderland, Rumıniya, Rusiya və Türkiyənin Milli Olimpiya komitələrinin nümayəndələri və Avropa Olimpiya komitələrinin ekspertləri ilə birgə iclaslar keçirəcək. Nümayəndələr, həmçinin yarışların keçiriləcəyi idman obyektlərinin bir neçəsinə baş çəkəcək, Atletlər kəndində yaradılan şəraitlə tanış olacaqlar.

“2019-cu ilin II Avropa Oyunları Direksiyası” Fondunun direktoru Georgi Katulin deyib: “Qarşıdakı iki gün ərzində intensiv və məhsuldar iş aparılacağına ümidvaram. Əminəm ki, “Açıq qapı”nın ilk günü siz qarşıdakı irimiqyaslı idman tədbirinə hazırlığın müəyyən aspektlərini görməklə yanaşı, bizim bu layihəyə nə dərəcədə ciddi yanaşmağımızın şahidi olacaqsınız. Bu səfərin yekunlarına dair sizin verəcəyiniz qiymətə və şərhlərə çox ehtiyacımız var. Çünki məhz siz – II Avropa Oyunlarının iştirakçı ölkələrinin Milli Olimpiya komitələri Oyunların Təşkilat Komitəsi və atletlər arasında birləşdirici halqa funksiyasını yerinə yetirirsiniz və idmançıların təkcə yarışlarla bağlı deyil, habelə məişət müstəvisində də ehtiyaclarına bələdsiniz”.

Qeyd edək ki, II Avropa oyunları Minskdə 12 idman obyektində keçiriləcək. Oyunlarda 50 ölkədən 4 mindən çox atlet 15 idman növü üzrə 200 medal dəsti uğrunda mübarizə aparacaq. İdmanın 10 növü üzrə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək XXXII Olimpiya Oyunlarına təsnifat mərhələsi olacaq.

Xəbər 692 dəfə oxundu.