“Zəfər Kuboku”nun birinci günündə Azərbaycanın dörd güləşçisi finala yüksəlib
Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci “Zəfər” kuboku beynəlxalq turniri keçirilir.

Turnirdə Türkiyə, İran, Gürcüstan, İtaliya, İsveç, Rusiya, Türkmənistan, Qazaxıstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Makedoniya, Argentina, Hollandiya, Qırğızıstan və Bosniya və Hersoqovina ilə yanaşı, yığma komandalarımızın da üzvləri iştirak edirlər.

Yarışın birinci günündə sərbəst və yunan-Roma güləşi üzrə 48, 55 və 65, qadın güləşi üzrə 43, 49 və 57 kiloqram çəki dərəcələrində 11 güləşçimiz xalça üzərinə çıxıb.

Yunan-Roma güləşi yarışlarında Qurban Qurbanov (48 kq), Murad Abbasov, Elmir Əliyev (hər ikisi - 55 kq), Ruslan Hədisov və Elcan Məmmədov (hər ikisi - 65 kq), sərbəst güləş yarışlarında Əlihəsən Əmirli, Riyad Aslanov (hər ikisi - 48 kq), Əbülfəz Nəsirov (55 kq), Əşrəf Aşurov və Turan Bayramov (hər ikisi - 65 kq) mübarizə aparıblar. Qadın güləşçilərin mübarizəsində Şahanə Nəzərova (43 kq), Sevinc Əhədova (49 kq) və Birgül Soltanova (57 kq) qüvvələrini sınayıblar.

Yarışın birinci günündə qadın güləşçilərimizdən Birgül Sultanova (57 kq), sərbəst güləşçilərdən Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq) və Turan Bayramov (65 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəliblər.

Turnir aprelin 2-dək davam edəcək.

Xəbər 1124 dəfə oxundu.