Karate üzrə millimizin üç üzvü Hollandiyada keçirilən turnirdə bürünc medal qazanıb
Karate üzrə Azərbaycan milli komandasının üç üzvü martın 16-18-də Hollandiyada keçirilən "Karate-1" Premyer Liqa turnirində bürünc medal qazanıb.

Turnirin yarımfinal mərhələsində türkiyəli güclü rəqibi ilə mübarizədə qələbəni əldən verən Firdovsi Fərzəliyev (60 kq) təsəlliverici görüşünü keçirib.

Digər idmançımız, sonuncu "Dubay" Premyer Liqa turnirinin qalibi Rafael Ağayev (75 kq) isə iki rəqibini məğlub edərək bürünc medal uğrunda son döyüşünə çıxıb. Səksən dörd kiloqram dərəcəsində yarışan Ayxan Mamayev də yarımfinal mərhələsində məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Bürünc mükafatlar uğrunda həlledici görüşlərdə karateçilərimizdən Firdovsi Fərzəliyev qazaxıstanlı idmançı Kaysar Alpısbaya 1:0, Rafael Ağayev Xorvatiya təmsilçisi Enes Qariboviçə 5:0, Ayxan Mamayev isə iranlı Purşab Zabiollaha 5:2 hesabı ilə qalib gələrək turnirdə üçüncü olub.

Mötəbər turnirdə milli komandamızın baş məşqçisi Şahin Xudaverdiyev dünya reytinq cədvəlinin ilk əlli pilləsində olan idmançılarımızın yarışda mübarizə aparmasına qərar verib.

Turnirdə ümumilikdə 74 ölkədən 683 idmançı iştirak edib.

Xəbər 1619 dəfə oxundu.